Viktor Osimhen yoldaşlıq oyununda zədələndi

“Napoli” və Nigeriya yığmasının hücumçusu Viktor Osimhen oktyabrın 13-də Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununda (2:2) zədələnib.

Arena.az məlumat verir ki, bu barədə Nigeriya yığmasının baş məşqçisi Joze Pezeyru “OmaSportsTV”də vəziyyəti şərh edərək bildirib:

“Biz “Napoli” ilə əlaqə saxlayırıq, hər oyunun sonunda klubları məlumatlandırmaq üçün hesabatlar göndəririk, çünki futbolçuların sağlamlığına cavabdehik. Osimhen fantastik futbolçudur, ona hamımızın ehtiyacı var. Müayinələr aparıb, onun Neapola qayıdacağı, yoxsa burada qalacağına qərar verəcəyik. Bunu zədənin dərəcəsindən asılı olaraq müəyyən edəcəyik.

Osimhenin üç gün sonra yenidən oynamağa məcbur edilməsi təhlükəli ola bilər. Onu riskə atmaq, onun bir-iki ay oynaya bilməyəcəyini riskə atmaq deməkdir. Əlbəttə ki, onun oynamasını istərdim, amma biz klublara hörmət etməliyik. Bu, yalnız “Napoli”yə aid deyil”, deyə Pezeyru vurğulayıb.

Ümumiyətlə, Osimhen komandasının “vuran ayağı”dır. Nigeriyalı mərkəz hücumçusu geridə qalmış 2022/2023 mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub, “eşşəkciklər”in “skudetto”nun qazanmasında müstəsna xidmət göstərib. Cari mövsümdə isə Viktor 10 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 28 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: