“Real” Federiko Valverde ilə yeni müqaviləyə hazırlaşır

“Real” rəhbərliyi “qaymaqlılar”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde ilə əməkdaşlığını yeniləmək niyyətindədir.

Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir.

“Kral klubu” yeni əmək müqaviləsində futbolçunun maaşını artırmaq və yarımmüdafiəçi üçün 1 milyard avro məbləğində təzminat haqqı təyin etməklə, razılaşmanı uzatmaq niyyətindədir.

Mənbənin məlumatına görə, İspaniya nəhəngi uruqvaylı futbolçuya İngiltərə və Səudiyyə Ərəbistanı klublarının maraqlarının konkret təkliflərə keçəcəyindən ehtiyat edir. Ötən mövsüm bu, artıq baş verib. Bununla əlaqədar olaraq, “Real” rəhbərliyi uruqvaylı yarımmüdafiəçi üçün yeni əmək müqaviləsi üzərində daha fəal və tədbirli surətdə işə başlamaq qərarına gəlib.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Uruqvaylı yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Valverde karyerasına “Penyarol”da başlayıb. O, 2015/2016 mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017 mövsümünü “Real”ın B komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018 mövsümünü “Deportivo”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 11 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 215 oyun, 19 qol, 18 məhsuldar ötürmə.

Valverde “Kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2018, 2023) qalibi olub.

Valverde hazırda kapitanı olduğu, 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 52 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Valverdeni 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: