“Roma”nın və İtaliya yığmasının əfsanəsi Françesko Totti müasir futbolla keçmişin futbolun arasındakı fərqlər barədə fikirlərini paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən Tottinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bu gün oynanılan futboldan xoşum gəlirmi? Ümumiyyətlə, futbolu həmişə bəyənmişəm, baxmayaraq ki, indi bu, bizim futbolumuzdan açıq-aydın fərqlənir. Bizim dövrümüzdə komanda ruhu, döyüş ruhu daha çox idi. İndi insanlar daha çox öz fiziki hazırlığı haqqında düşünürlər. Aydındır ki, oyun dəyişib.
Nümunə olaraq Bellingem, Tçuameni, Kamavinqa kimi fiziki cəhətdən güclü futbolçuları olan “Real”ı göstərmək olarmı? Bəli, amma biz həmişə böyük oyunçulardan danışırıq. Bekhemin, Roberto Karlosun, Zidanın oynadığı zəmanənin “Real”ını xatırlasaq, bu, normaldır… Bunlar tamam başqa oyunçulardır. Bu faktdır”, deyə Totti bildirib.
Xatırladaq ki, Totti “Roma”nın heyətində İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb. Bundan əlavə, Françesko İtaliya yığması ilə dünya çempionu olub (2006). Françesko Totti bu gün də adını “Roma”nın tarixinə yaza bilmiş canlı əfsanə kimi azarkeşlər tərəfindən sevilir və hörmətlə anılır.


