Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Mayami təmsilçisi MLS-in müntəzəm çempionatı çərçivəsində mövsümün son matçına çıxıb.
“Şarlott”la qarşılaşan Messinin komandası son oyununda 0:1 hesabıyla məğlub olub. “İnter Mayami”nin argentinalı superulduzu meydanda 90 dəqiqə mübarizə aparsa da, komandasına kömək edə bilməyib.
Oyun Şarlotdakı “Bank of Amerika” stadionunda keçirilib. Yeganə qolu oyunun 13-cü dəqiqəsində polşalı yarımmüdafiəçi Kamil Yuzvyakın ötürməsi ilə kolumbiyalı hücumçu Kervin Varqas vurub.
Messidən başqa sabiq “barselonalılar”dan Serxio Buskets də bütün oyunu meydanda keçirib, Jordi Alba isə 67-ci dəqiqədə ehtiyatdan oyuna daxil olub.
Beləliklə, Messinin iştirakı ilə “İnter Mayami” MLS-də ikinci oyununda məğlub olub. Hər iki oyunda argentinalı superulduz bütün oyunu meydanda mübarizə aparıb.
“Vağlar” MLS-in Sərq konfransında mövsümü 34 turdan sonra axırıncıdan əvvəlki, 14-cü pillədə tamamlayıblar.
Lionel Messini isə noyabrda Argentina yığmasının heyətində 2026-cı il dünya çempionatının seçmə turniri çərçivəsində oyunlar gözləyir.
Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.
Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


