“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro İngiltərə nəhənginə qoşulmaq qərarını səhv hesab edir.
Arena.az bu barədə “El Nacional” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klub braziliyalının çıxışından narazıdır. Futbolçu özü də “Real”ı tərk edərək həm meydanda, həm də ondan kənarda qeyri-sabitlik göstərən komandaya qoşulduğuna görə peşmandır.
Vurğulanır ki, hazırda “qırmızı şeytanlar”ın rəhbərliyi Kazemironun yerinə “Benfika”nın 19 yaşlı futbolçusu Joao Nevesi transfer etmək imkanını nəzərdən keçirir. Danışıqların artıq başladığı və portuqalların Nevesin müqabilində ən azı 70 milyon avro məbləğ tələb etdiyi bildirilir.
Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə o, “Mançester Yunayted”in heyətində 11 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.
Kazemiro hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Kazemironu 40 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Kazemironun zədəli olması haqda məlumat verilmişdi.


