Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının braziliyalı superulduzu, hücumçu Neymar onlayn poker turnirində uğurla çıxış edib.
Arena.az bu barədə “Poker News” dərgisinə istinadən məlumat verir.
Braziliyalı ulduz 59 oyunçunun iştirak etdiyi “PokerStars” turnirinə 5,2 min ABŞ dolları giriş haqqı ödəyərək qeydiyyatdan keçib. O, turnirdə 66 min ABŞ dolları qazanaraq 2-ci yeri tutub. Lider 91,6 min ABŞ dolları qazanmış Dominikas Mikensonas olub.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasınıda Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ikiqat ağır zədə alıb və hazırda bərpa keçir.
Neymarın Uruqvayla oyunda aldığı zədə çox ciddidir. Buna qədər də futbolçu yüngül zədədən əziyyət çəkirdi. İlkin məlumata görə, braziliyalı oyunçu 2023-cü ildə bir daha yaşıl meydanlara çıxa bilməyəcək. Neymarın ön çarpaz bağ zədəsi və dizində menisk yırtığı olduğu təsdiqlənib. Məşhur futbolçu əməliyyat ediləcək və sonra uzun bir müalicə proqramı çərçivəsində bərpa kursu keçməli olacaq.
Braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə “Əl-Hilal”ın heyətində 5 oyuna çıxmış futbolçu 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


