Basketbol: “Neftçi” ilk turda debütanta uduzdu

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün ilk turunun növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, mövsümün ikinci oyununda “Neftçi” çempionatın debütantı “Xəzri” ilə qarşılaşıb.

Oyuna üstün başlayan “Xəzri” yekunda 80:73 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Ceyms Havtorn (18 xal, 5 ribaund), “Xəzri”dən Amil Həmzəyev (21 xal, 8 ribaund) olublar.

Xatırladaq ki, yeni mövsümün ilk oyununda “Sərhədçi” və “Cəlilabad” komandaları qarşılaşmış və əyalət təmsilçisinin 86:76 hesablı qələbəsiylə yekunlaşmışdı.

Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparırlar. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq.

Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

İlk turun qalan görüşləri 28-29 oktyabrda baş tutacaq. “Xırdalan” “Şəki”ni, “NTD-Indigo” “Sumqayıt”ı, “Gəncə” isə son çempion “Sabah”ı sınağa çəkəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: