Nikolo Zaniolo qanunsuz mərc qalmaqalından “quru” çıxdı

Qanunsuz mərc qalmaqalında adı hallanan futbolçular siyahısında yer almış Nikolo Zaniolo bu işdən “quru” çıxıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, “Aston Villa”nın italiyan hücumameylli yarımmüdafiəçisi Zaniolonun maraqlarını təmsil edən vəkillər Antonio Konte və Canluka Tonyozzi Turində keçirilmiş məhkəmə işinin nəticələri barədə danışıblar:

“Nikolo Zaniolo bütün sualları cavablandırdı və heç bir etirazdan yayınmadı. O, nəhayət, mövqeyinə aydınlıq gətirib. Futbol oyunlarına qanunsuz mərc oynaması ilə bağlı ona qarşı heç bir sübut ortaya çıxmayıb. O, qeyri-qanuni platformalarda vaxtaşırı poker və blekcek oynadığını etiraf edib və heç vaxt təhdid və ya hədə-qorxu ilə üzləşmədiyini izah edib. Əminik ki, müştərimizin məhkəmə işi tezliklə bağlanacaq”, deyə vəkillər bildiriblər.

Xatırladaq ki, daha əvvəl, “Yuventus”un italyan yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərc qoyuluşlarına görə təqsiri sübuta yetirilməklə 7 ay müddətinə diskvalifikasiya edilmişdi. Müvafiq ittihamla təqsiri sübuta yetirilmiş, “Nyukasl”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonali isə 10 ay müddətinə futboldan kənarlaşdırılıb.

Daha əvvəl bildirilib ki, Zaniolo və onun nümayəndələri mövqelərini dəyişməyiblər və futbolçunun oyunlara mərc etmədiyini müdafiə etməyə davam edəcəklər.

Zaniolo “Aston Villa”da cari ilin avqustundan “Qalatasaray”dan icarə əsasında çıxış edir. İcarə müddəti cari mövsümün sonuna – iyun ayına qədər nəzərdə tutulub.

Cari mövsümdə Zaniolo “Aston Villa”nın heyətində 11 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

Nikolo 2019-cu ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 15 oyuna 2 qol vurub, 1 məhsuldar ötürm verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Nikolo Zaniolonu 27 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: