Basketbol Liqasında ilk turun daha 2 oyunu baş tutdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün ilk turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sərhədçi” İdman Mərkəzində “Xırdalan” və “Şəki” komandaları üz-üzə gəliblər. Oyuna “Xırdalan” üstün başlayıb və yekunda 102:78 hesablı qələbə qazanıb. Bu oyunda “Şəki”nin ən məhsuldar basketbolçusu Pol Dibal (33 xal, 20 ribaund) olub. Qalib komandanın ən məhsuldar basketbolçusu isə Cakori Arçi (29 xal, 7 ribaund) olub.

Daha sonra Xaçmaz Olimpiya İdman Kompleksində “NTD-Indigo” ilə “Sumqayıt” kollektivləri qarşılaşıblar. Bu oyun da ev sahibinin 97:79 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular Xaçmaz təmsilçisində Qriffin Remmi (22 xal, 7 assist), “Sumqayıt”da isə Tayrey Rendall (23 xal, 3 assist) olub.

Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq.

Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Yeni mövsümün ilk oyununda “Sərhədçi” və “Cəlilabad” komandaları qarşılaşmış və əyalət təmsilçisinin 86:76 hesablı qələbəsiylə yekunlaşıb. Ötən gün isə “Neftçi” İK debütant “Xəzri”yə uduzub – 73:80. 1-ci turun son oyunu (“Gəncə” – “Sabah”) 29 oktyabrda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: