Samir Abasov: “Kubokda çox çətin bir yol keçəcəyimiz görünür”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün bu gün atılmış püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük. Hərçənd ilk oyunumuzu İkinci Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik. Ondan sonrakı potensial rəqibimiz də Birinci Liqa təmsilçisi olacaq. Amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür. Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma kubok oyunlarının öz xüsusi ab-havası olur. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq”.

Xatırladaq ki, bu gün Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib. Yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq “Sumqayıt” bu mərhələdə “Füzuli” – “Lerik” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, adıçəkilən mərhələnin oyunları 28-30 noyabr tarixlərində keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: