Basketbol Liqası: “Xırdalan” “Sumqayıt”a qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024-cü il mövsümünün 2-ci turunun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyunu da “Sərhədçi” İdman Mərkəzində baş tutub.

İlk turda məğlub olmuş “Sumqayıt” “Xırdalan”la qarşılaşıb. Əlavə vaxtın yaşandığı oyunun yekununda “Xırdalan” 81:77 hesablı çətin qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Cakori Arçi olub – 29 xal, 8 ribaund. “Sumqayıt”da isə Smit Roderik (20 xal, 14 ribaund) fərqlənib.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Xatırladaq ki, 2-ci turun ilk oyununda “Xəzri” region təmsilçisi “Gəncə”yə 93:76 hesabıyla qalib gəlib. Turun qalan oyunları 4-5 noyabr aralığında baş tutacaq:

“Cəlilabad” – “Neftçi”
“Şəki” – “Sərhədçi”
“Sabah” – “NTD-İndiqo”

Turnir cədvəli

  1. Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
  2. Xəzri (2 oyun, 2 qələbə) – 4 xal
  3. Sabah (1 oyun, 1 qələbə) – 2 xal
  4. NTD-İndiqo (1 oyun, 1 qələbə) – 2 xal
  5. Sumqayıt (2 oyun, 2 məğlubiyyət ) – 2 xal
  6. Cəlilabad (1 oyun, 1 qələbə) – 2 xal
  7. Gəncə (2 oyun, 2 məğlubiyyət) – 2 xal
  8. Neftçi (1 oyun, 1 məğlubiyyət) – 1 xal
  9. Sərhədçi (1 oyun, 1 məğlubiyyət) – 1 xal
  10. Şəki (1 oyun, 1 məğlubiyyət) – 1 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: