“Səbail” “Turan Tovuz”la oyunda ciddi zədə ilə üzləşən kapitanı Ağabala Ramazanovun son durumu ilə bağlı açıqlama yayıb.
Arena.az xəbər verir ki, paytaxt klubundan verilən məlumata görə, hazırda təcrübəli futbolçunun həyati təhlükəsi yoxdur:
“Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Turan Tovuz” oyununda zədələnən və xəstəxanaya təxliyyə olunan Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq”.
Xatırladaq ki, Ağabala Ramazanov “Turan Tovuz”la qarşılaşmanın 45-ci dəqiqəsində rəqib futbolçu ilə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyət dərhal oyunçuya müdaxilə edib. Huşunu itirən Ramazanov daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
“Səbail” – “Turan Tovuz” matçı meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.


