Ten Haqın tənqid etdiyi Raşford şam ziyafətinə qatılmadı

“Mançester Yunayted”in ingilis hücumçusu Markus Raşford “qırmızı şeytanlar”ın ziyafət məclisində iştirak etməyib.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, ingilis futbolçu Premyer Liqanın 11-ci turunda “Fulhem” üzərində qələbə (1:0) münasibətilə təşkil edilmiş şam ziyafətinə qatılmayıb.

“Qırmızı şeytanlar” “Fulhem” üzərində qələbəni Mançesterdəki xüsusi restoranda şam etməklə qeyd ediblər. Bununla belə, Erik ten Haq “Mançester Siti”yə 0:3 hesablı məğlubiyyətdən sonra onun kluba getmək haqda qərarını tənqid etdiyi Markus həmin məclisdə iştirak etməyib.

Məclisdə “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandes, Harri Maquayr, Meyson Maunt, Skott Maktominey, Rafael Varan, Conni Evans və Lisandro Martines iştirak ediblər. Bu müəssisədə şam yeməyinin qiymətinin 1,4 min avroya başa gəldiyi vurğulanır. Təamlara kürü, lobster, seviçe, istiridyə və suşi daxildir.

Raşford və digər komanda üzvləri tərəfindən bu hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

“Mançester Yunayted” 11 turdan sonra Premyer Liqanın turnir cədvəlində 18 xalla 8-ci pillədə qərarlaşıb.

Markus cari mövsümdə bütün turnirlər çərçivəsində 14 oyuna çıxıb. 26 yaşlı futbolçu bu görüşlərdə 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Raşfordun MY-dəki ümumi statistikası isə belədir: 373 oyun, 124 qol, 71 assist.

Hücumçu 2016-cı ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 57 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Markus Raşfordu 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: