“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Çempionlar Liqasında növbəti qələbə qazanmaqla, qapıçılar arasında rekord müəyyənləşdirib.
Arena.az məlumat verir ki, dünən, noyabrın 7-də Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş oyunda “Mançester Siti” “Yanq Boyz” üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Qələbə sayəsində “şəhərlilər”in qapıçısı Avropanın ən nüfuzlu turnirində qazandığı qələbələrinin sayını 50-yə çatdırıb. Braziliyalı qolkiper bu göstəriciyə nail olmuş 8-ci qapıçı olub və bunu meydana çıxdığı 75 oyunda bacarmış ilk qapıçı kimi rekord müəyyənləşdirib. Ederson bu qələbələrin 4-nü “Benfika”, 46-nı isə “Mançester Siti” ilə qazanıb.
4 turdan sonda “Mançester Siti” 12 xalla “G” qrupuna başçılıq edir və turnirin pley-off mərhələsinə vəsiqəsini təmin edib.
Ederson “San-Paulu”nun yetirməsidir. Braziliyalı qapıçı “Mançester Siti”yə 2017-ci ilin iyulunda 40 milyon avro müqabilində “Benfika”dan keçib. Edersonun “şəhərlilər” müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə bu qapıçı “Mançester Siti”nin heyətində 15 oyuna çıxıb, 11 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edib.
Edersonun “şəhərlilər”in heyətində ümimi statistikası isə belədir: 304 oyun, 234 buraxılmış qol, 144 “quru” oyun.
O, “Mançester Siti” ilə 5 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu qazanıb.
Ederson 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna çıxıb, 18 qol “yeyib”, 12 oyundan “quru” qurtulub. Qapıçı “selesao” ilə 2019 Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı Edersonu 40 milyon avro məbləğində qiymətləndirir.


