Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 3-ci turunun açılış oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun ilk oyunu Cəlilabad Olimpiya İdman Kompleksində baş tutub.
Burada paytaxt klubu “Xəzri” yerli “Cəlilabad” komandası ilə qarşılaşıb. Oyuna üstün başlayan debütant “Xəzri” yekunda rəqibi üzərində 89:79 hesablı qələbəyə sevinib.
Qalib komandanın ən məhsuldar basketbolçusu Amil Həmzəyev olub – 20 xal, 10 ribaund. “Cəlilabad”da isə Rişon Conson fərqlənib – 27 xal, 7 ribaund.
Qeyd edək ki, 3-cü turun növbəti oyunları (“NTD-İndiqo” – “Gəncə”, “Sərhədçi” – “Sumqayıt”, “Neftçi” – “Şəki”, “Xırdalan” – “Sabah”) 9, 10 və 11 noyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (3 oyun, 3 qələbə) – 6 xal
- Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
- Cəlilabad (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
- Neftçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
- Sərhədçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
- Sabah (1 oyun, 1 qələbə) – 2 xal
- NTD-İndiqo (1 oyun, 1 qələbə) – 2 xal
- Sumqayıt (2 oyun, 2 məğlubiyyət ) – 2 xal
- Şəki (2 oyun, 2 məğlubiyyət) – 2 xal
- Gəncə (2 oyun, 2 məğlubiyyət) – 2 xal


