Basketbol üzrə Azərbaycan çempionu “Sabah”ın məşqçisi Nikola Bojinovski “Mornar” üzərində qazandıqları tarixi qələbəni şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün doğma meydanda Monteneqronun “Mornar” kollektivi ilə üz-üzə gəlib.
Bakıdakı “Sərhədçi” İdman Mərkəzində təşkil olunmuş görüş meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla Azərbaycan çempionu müntəzəm mövsümdə ilk qələbəsinə sevinib.
Qarşılaşmadan sonra Nikola Bojinovski görüşlə bağlı fikirlərini bildirib:
“Oyunçularımız bu oyuna hədsiz emosiya və hisslərlə çıxmışdılar. Bu gün qələbə istəyimiz çox güclü idi. Məhz bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu səbəbdən oyunun əvvəllərində emosional idik və ona görə ilk hissədə istədiyimiz kimi oynaya bilmədik. Lakin ikinci hissəyə komanda daha yaxşı kökləndi. Nəticədə 9 xallıq fərqi aradan qaldırıb, 7 xallıq fərqlə qələbə qazandıq. Oyundan öncə legionerlərimizə bu günün əhəmiyyətini izah etdim, motivasiya verdim. Oyunun fasiləsində basketbolçularımıza inandığımı söylədim və ikinci hissəyə daha motivasiyalı çıxdıq. Bu gün ölkədə bayramdır, tarixi gündür. Klub da bu tarixi günə qələbə ilə töhfə verdi. Bayramınızı təbrik edirəm!”
“Mornar”la oyunda 25 xal, 5 ribaund və 3 assistlə yadda qalan “Sabah”ın amerikalı basketbolçusu Smit Donovan isə tarixi qələbəni belə şərh edib:
“Qarşılaşmaya yaxşı başlamadıq. İlk iki periodda istədiyimiz oyunu sərgiləyə bilmədik. Lakin fasilədən sonra öz oyunumuzu tapdıq və qələbə qazandıq. Oyunun əvvəlində əsəbi və həyəcanlı idim. Bu səbəbdən öz oyunumu göstərə bilmirdim. Lakin oyunun gedişatında özümü toparladım”.


