“Çelsi”nin Madrid “Real”ında icarə əsasında çıxış edən ispan qapıçısı Kepa Arrisabalaqa bir neçə həftəlik sıradan çıxıb.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Kepa dünən, noyabrın 8-də “Real”ın UEFA Çempionlar Liqasının “Braqa” ilə oyunundan (3:0) əvvəl, isinmə məşqində zədələnib.
Kepanın bud nahiyəsindən aldığı zədə səbəbindən iki-üç həftə meydana çıxa bilməyəcəyi bildirilir.
Mənbənin məlumatına görə, Arrisabalaqa tibbi müayinədən keçib və nəticədə qapıçının ombasının ötürücü əzələsində yırtığın olduğu aşkarlanıb. Kepanın La Liqa çərçivəsində “Valensiya’ ilə qarşıdakı oyunda iştirak edə bilməyəcəyi, həmçinin İspaniya yığmasının qarşıdakı oyunlarında milli komandasına yardım edə bilməyəcəyi vurğulanır.
Xatırladaq ki, “Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua cari ilin avqust ayının əvvəlində zədələnərək, sol dizinin ön çarpaz bağının yırtığı ilə mövsümə elə, başlamamış xitam verib. “Real” Kurtuanı əvəzləmək üçün tələsik surətdə qapıçı axtarışlarına baş vurub və diqqətini Kepanın üzərində saxlayaraq, ispan qapıçını mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürüb.
Cari mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 13 oyuna çıxıb, 10 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib.
Kepa Arrisabalaqa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb.
Vurğulayaq ki, Kepa “Real”ın onu icarəyə götürmək istədiyi ərəfədə, “Bayern”ə keçmək imkanına malik olub. “Kral klubu”nun təklifini alınca, qapıçı seçimini doğma ölkəsinin xeyrinə edib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Kepa Arrisabalaqanı 18 milyon avro məbləğində qiymətləndirir.


