Mahir Emreli “Viktoriya”ya qarşı bir hissə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin növbəti məğlubiyyəti ilə başa çatıb – 0:1.

Mahir bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. Azərbaycanlı futbolçu bu matçda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

“Dinamo” 4 turdan sonra 3 xalla C qrupunun sonuncusudur. “Viktoriya” (Plzen) isə 12 xalla 1-cidir. “Astana” və “Ballkani”nin də 4 xalı var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 44 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: