Kepa Arrisabalaqanın zədəsi rəsmən açıqlandı

“Çelsi”nin Madrid “Real”ında icarə əsasında çıxış edən ispan qapıçısı Kepa Arrisabalaqanın zədəsi haqda rəsmi məlumat açıqlanıb.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir:

“Real”ın tibbi xidməti oyunçumuz Kepa Arrisabalaqanın müayinəsindən sonra ona sağ ombasının ötürücü uzun əzələsinin zədələnməsi diaqnozunu qoyub. Hadisələrin inkişafı gözlənilir”, – klubun rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl “Mundo Deportivo” Kepanın noyabrın 8-də “Real”ın UEFA Çempionlar Liqasının “Braqa” ilə oyunundan (3:0) əvvəl, isinmə məşqində zədələndiyi haqda məlumat vermişdi. Nəşr Kepanın iki-üç həftə meydana çıxa bilməyəcəyi haqda yazmışdı. Amma rəsmən məlum olduğu kimi, Kepanın bərpa müddəti qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, “Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua cari ilin avqust ayının əvvəlində zədələnərək, sol dizinin ön çarpaz bağının yırtığı ilə mövsümə elə, başlamamış xitam verib. “Real” Kurtuanı əvəzləmək üçün tələsik surətdə qapıçı axtarışlarına baş vurub və diqqətini Kepanın üzərində saxlayaraq, ispan qapıçını mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürüb.
Cari mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 13 oyuna çıxıb, 10 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib.
Kepa Arrisabalaqa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb.

Vurğulayaq ki, Kepa “Real”ın onu icarəyə götürmək istədiyi ərəfədə, “Bayern”ə keçmək imkanına malik olub. “Kral klubu”nun təklifini alınca, qapıçı seçimini doğma ölkəsinin xeyrinə edib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Kepa Arrisabalaqanı 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: