Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu beşinci oyununda Türkiyə təmsilçisi “Baxçaşəhər”lə üz-üzə gələcək.
İstanbulda yerləşən “Ülkər” İdman Zalında təşkil olunacaq görüşə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün 2-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı “Baxçaşəhər”lə ev oyunundan 65:83 hesablı məğlubiyyətlə ayrılmışdı. Komandamız Monteneqroda “Mornar”a qarşı keçirdiyi oyunda 75:80 hesabıyla uduzsa da, bu rəqibinə Bakıda 81:74 hesabıyla qalib gəlib. Qrup lideri olan Çexiya “Nimbruk”u ilə oyun da təmsilçimiz üçün uğursuz alınıb – 61:95.
Hazırda Azərbaycan çempionunun hesabında cəmi 5 xal var və qrup sonuncusudur. “Başakşəhər” isə 7 xalla D qrupunun ikincisidir.
FIBA Avropa Kuboku
D qrupu, 5-ci tur
15 noyabr
20:00. “Baxçaşəhər” – “Sabah”
İstanbul. “Ülkər” İdman Zalı.
Xal: Nimbruk – 7. Baxçaşəhər – 7. Mornar – 5. Sabah – 5.


