“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola haqda fikirlərini paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən Messinin bu barədə fikirlərini təqdim edir:
“Xosepin futbolla etdikləri sadəcə fantastikdir. O, təkcə İspaniyada deyil, Avropada, bütövlükdə dünyada futbolu dəyişdi. Bu səbəbdən o, hətta futbola ziyan da vurdu, çünki indi həddən artıq çox insan öz yolunu və üslubunu inkişaf etdirmək əvəzinə, onu təqlid etməyə çalışır”, deyə Messi bildirib.
Xatırladaq ki, Lionel Messi Qvardiolanın rəhbərliyi altında “Barselona”da çıxış edib. İspan mütəxəssisin “Leo”nun futbolçu karyerasında böyük rolu olub.
“Barselona”dan sonra “Pep” Münhenə yollanıb və “Bayern”i çalışdırıb. Ardınca isə hazırda çalışdırdığı “Mançester Siti”nin sükanı arxasına keçərək, kluba tarixinin ən şanlı dövrünü yaşadıb. Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” geridə qalmış 2022/2023 mövsümündə “trebl”ə imza atıblar: İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və Çempionlar Liqasının qalibi olublar.


