Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqası, 13-cü tur
“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub da 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. O, həmçinin 19.09.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanıb. “Sumqayıt” klubu 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 13-cü tur
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 13-cü turunun oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:
“Qarabağ-2” – “Səbail-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam komandası 70 manat cərimə edilib.
“Neftçi-2” – “Sumqayıt-2” oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Neftçi”nin futbolçusu Elton Əlibəyli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Neftçi-2” komandası buna görə 50 manat cərimə edilib. “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.


