Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti və sonuncu oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 8-ci sınağında Beçlika yığmasının qonağı olacaq.
Brüsseldəki “King Baudouin Stadium”da baş tutacaq oyunu Macarıstandan olan FIFA referisi Gerqo Boqar idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi Belçika yığmasına qarşı ilk oyununu sentyabr ayında Bakıda keçirmiş və 0:1 hesabıyla məğlub olmuşdu. Komandamıızın güclü rəqiblə səfər oyunundakı şansları yüksək qiymətləndirilmir. Amma belçikalıların Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdiyini və yığmamız üçün də itiriləcək heç nəyin qalmadığını nəzərə alsaq, sürpriz nəticənin qeydə alınması istisna edilmir. Baxmayaraq ki, belçikalıların son oyunda qələbə qazanmaqla qrup mərhələsini lider kimi başa vurmaq istəyi də var.
Millimiz bu seçmə mərhələdə Avstriya yığmasına səfərdə 1:4, evdə 0:1, İsveç seçməsinə isə səfərdə 0:5 hesabıyla uduzub. Üç gün öncə Bakıda məhz İsveçlə görüşdə millimiz sürprizə imza ataraq 3:0 hesablı qələbəyə sevinib. Komandamız Estoniya ilə oyunları da uğurlu alınıb. Bu rəqiblə Bakıdakı oyunumuz 1:1 hesabıyla bitmişdi. Tallindəki qarşılaşmada isə yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.
Bu gün yığmamızın qrupunda İsveç – Estoniya oyunu da baş tutacaq. Avstriya yığması üçün isə seçmə mərhələ artıq başa çatıb.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
19 noyabr
21:00. Belçika – Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan).
Yan xətt hakimləri: Teodoros Georgiu, Balaş Salai (Macarıstan).
Dördüncü hakim: Ferents Karako.
Brüssel. “King Baudouin Stadium”.
Xal: Avstriya – 19. Belçika – 17. İsveç – 7. Azərbaycan – 7. Estoniya – 1.


