Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunu ərəfəsində fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 38 yaşlı italyan mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan yığması çox ciddi rəqibdir. Onlar İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdilər. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq. Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Bircə onu deyə bilərəm ki, yenilik istəyirik”.
Domeniko Tedesko ilə yanaşı, Belçika yığmasının qapıçısı Koen Kaselts də mətbuat konfransına qatılıb. Almaniyanın “Volfsburq” klubunda çıxış edən 31 yaşlı qolkiper bunları dilə gətirib:
“Qrup birincisi olmaq imkanı bizə əlavə motivasiya verir. Avropa çempionatına da iddialı yollanmaq istəyirik. Aydındır ki, Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən. Əvvəlcə isə ilkin mərhələdə olan rəqibləri üstələmək lazımdır. Yağışla əlaqədar sabah meydan yaş ola bilər ki, bu da çətinlik yaradır. Üstəlik, dünəndən Avropa çempionatının yeni topları ilə məşq edirik. Yağışda buna öyrəşmək vaxt tələb edir”.
Yeri gəlmişkən qeyd edək ki, sabah Azərbaycan millisi ilə qarışlaşacaq Belçika yığması daha bir itki ilə üzləşib. Yarımmüdafiəçi Amadu Onanadan sonra qapıçı Arno Bodarın da tsiklin son matçını buraxacağı dəqiqləşib. Həftəboyu düşərgədə olmasına baxmayaraq, səhhətində problem yaşayan 25 yaşlı qolkiper heyətdən kənarlaşdırılıb. Daha əvvəl isə əsas qapıçı Tibo Kurtua zədə ucbatından milliyə çağırılmamışdı.
Xatırladaq ki, sabah Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


