Azərbaycan kubokunda son 11 mövsümün rekordu

İkinci Liqada mübarizə aparan “Baku Sportinq” futbol üzrə Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.

Arena.az xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna 1-ci təsnifat mərhələsində nail olub.

Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib. İkinci Liqa təmsilçisi son 11 mövsümün rekorduna imza atıb. “Baku Sportinq” bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.

Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/2013 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Baku Sportinq”dən 4042 gün əvvəl – 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.

Yeri gəlmişkən, Azərbaycan Kubokunun 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsi penaltilər seriyası ilə yadda qalıb. “Qusar” və “Şahdağ Qusar” arasında derbinin taleyi “lotereya”da həll olunub. Qolsuz bitən görüşdə nominal qonaqlar 11 metrlik nöqtədən daha dəqiq olublar – 5:4.

Bu, ölkə kuboku tarixində 32-ci penalti seriyasıdır. 32-ci mövsümə təsadüf edən bu “lotereya” Qusar derbisinin hər iki iştirakçısı üçün ilk belə seriya olub. Şəhərin eyniadlı təmsilçisi yarışın debütantıdırsa, “Şahdağ Qusar” indiyədək qatıldığı kubok matçlarında qalibi penaltilərlə müəyyənləşdirməyib.

Ölkə kubokunda sonuncu belə seriya isə 2021/22 mövsümünün finalında gerçəkləşib. 540 gün əvvəl – 2022-ci il mayın 27-də “Qarabağ” “Zirə”ni üstələyib – 4:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: