“Gəncə” Donovan Fildslə gücləndi

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” komandası heyətinə yeni oyunçu cəlb etdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncənin eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarından olan Donovan Filds bundan sonra “sarı-göylər”in şərəfini qoruyacaq. Onunla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

27 yaşlı basketbolçu pleymeyker mövqeyində oynayır. O, son olaraq İrlandiya çempionatında “Sent Vinsent” klubunda çıxış edib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümə çox pis başlamış “Gəncə” yalnız 4-cü turda “Xırdalan”a qalib gəlib – 88:74. Sözügedən komanda hazırda 5 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Yeri gəlmişkən, komandanın baş məşqçisi Bedri Meriç son oyunda qazandıqları qələbəni şərh edib. O, “Xırdalan”la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Rəqib çempionatın ən yaxşı komandalarından biridir. Bura qələbələr ilə gəlmişdilər. Ötən tur “Sabah”la oyunda da nə qədər güclü kollektiv olduqlarını ortaya qoydular. Amma bura bizim evimizdir. Yaxşı müdafiə olunduq, mübarizə apardıq. Zaman irəlilədikcə daha da yaxşı olacağıq. Müdafiə xəttində yaxşı oynayanda komanda uğur qazana bilir. Bura gələn, bizə dəstək verən azarkeşlərimizə minnətdarıq. Bu qələbə hava-su kimi bizə lazım idi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: