“Gəncə”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 5-ci turunda “Sərhədçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis 108:109 hesabıyla uduzduqları matç klubun mətbuat xidmətinə açıqlamasında dramatik məğlubiyyətə görə məyus olduqlarını gizlətməyib:
“Oyunboyu hesabda üstünlük bizdə idi. Beynimizdəki planlar ilk üç periodda baş tutdu. Amma sonuncu hissədə yenə müdafiə xəttində boşluqlar verdik. Arxada etibarlı oyunu itirdik. Belə olanda da rəqib bizi yaxaladı. Sadəcə 30 saniyə ərzində öndə oldular. Qalan vaxtda hesab bizim xeyrimizə idi. Təəssüflər olsun ki, uduzduq. Kenyon Dulinqin haqsız olaraq oyundan atıldığı epizod matçın taleyini dəyişdi. Kenyon meydanı tərk etdikdən sonra oyunun nəzarətini əldən verdik. Matçı təhlil edib xətalarımızı görəcəyik. Çox məyusuq. Amma irəliyə baxmalıyıq”.
Xatırladaq ki, “Gəncə” 5 turdan sonra 6 xalla 8-ci pillədə qərarlaşıb. “Sərhədçi” isə 7 xalla 3-cüdür.


