Basketbol: “Neftçi” çempiona qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması Cəlilabadda baş tutub.

Yerli “Cəlilabad” komandası “Sumqayıt”la qarşılaşıb və 86:74 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Camani Pirs olub – 19 xal, 10 ribaund. “Sumqayıt”dan isə Smit Roderik fərqlənib – 22 xal, 12 ribaund.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən günün ikinci oyununda isə çempionatın əsas favoritlərindən sayılan “Neftçi” və “Sabah” komandaları qarşılaşıblar. Bərabər mübarizə şəraitində davam edən turun mərkəzi oyununda “Neftçi” çempionatın əsas favoritinə 96:93 hesabı ilə qalib gəlib. Qalib komandanın ən məhsuldar basketbolçusu Toraje Breyk olub – 27 xal, 9 ribaund. “Sabah”ın heyətində isə Kivon Devenport özündən söz etdirib – 22 xal, 9 ribaund.

5-ci turun əvvəlki oyunlarında “Sərhədçi” “Gəncə”yə 109:108, “NTD-İndiqo” isə “Xırdalan”a 96:86 hesabıyla qalib gəlmişdi. Turun “Şəki” – “Xəzri” isə sabah baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Neftçi (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
  2. NTD-İndiqo (4 oyun, 4 qələbə) – 8 xal
  3. Cəlilabad (5 oyun, 3 qələbə, 2 məğlubiyyət) – 8 xal
  4. Xəzri (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  5. Sərhədçi (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  6. Xırdalan (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  7. Sabah (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  8. Gəncə (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) – 6 xal
  9. Sumqayıt (5 oyun, 1 qələbə, 4 məğlubiyyət ) – 6 xal
  10. Şəki (4 oyun, 4 məğlubiyyət) – 4 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: