Serxio Ramos qırmızı vərəqələr üzrə La Liqa rekordunu yenilədi

“Sevilya”nın ispan mərkəz müdafiəçisi Serxio Ramos üçün İspaniya La Liqasının 14-cü turunda “Real Sosyedad”la oyun (1:2) əlamətdar olub.

Arena.az “ITASportPress” dərgisinə istinadən məlumat verir ki, təcrübəli futbolçu oyunun 88-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bu, La Liqada çıxış etdiyi müddətdə Serxio Ramosun 21-ci qırmızı vərəqəsi olub. Beləliklə, ispan futbolçu əvvəllər də özünə məxsus olan xoşagəlməz rekordunu yeniləmiş olub.

Veteran Ramos cari ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubu “Sevilya”ya qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ümumlikdə Serxio Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.

Cari mövsümdə Ramos “Sevilya”nın heyətində 8 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Serxio 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: