Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 2-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.
Burada yerli “Sabah” və “NTD-İndiqo” komandaları üz-üzə gəliblər. Görüş “Sabah”ın 81:70 hesablı qələbəsi ilə bitib. Qalib komandanın ən məhsuldar basketbolçusu Kivon Devenport olub – 27 xal, 7 ribaund. “NTD-İndiqo”da isə Qriffin Remmi fərqlənib – 13 xal, 9 assist.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
- Neftçi (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
- Sabah (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
- NTD-İndiqo (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 8 xal
- Cəlilabad (5 oyun, 3 qələbə, 2 məğlubiyyət) – 8 xal
- Xırdalan (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
- Sərhədçi (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
- Sumqayıt (5 oyun, 1 qələbə, 4 məğlubiyyət ) – 6 xal
- Gəncə (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) – 6 xal
- Şəki (5 oyun, 5 məğlubiyyət) – 5 xal


