Peşəkar futbolçu şahmat üzrə Avropa çempionatında iştirak edəcək

MLS təmsilçsi “Los-Anceles Qelaksi” klubunun serb mərkəz hücumçusu Deyan Yoveliç şahmat blitsi üzrə Avropa çempionatında çıxış edəcək.

Arena.az məlumat verir ki, bu barədə “ChessMaster” “Telegram” kanalı məlumat yayıb.

Qarşıdakı iki həftədən az müddətdə Zaqrebdə (Xorvatiya) şahmat rapidi və blitsi üzrə Avropa Çempionatı başlayacaq. Hazırda bu turnirə Avropanın 40 federasiyasından 600 oyunçu qeydiyyatdan keçib. Deyan Yoveliç klassik şahmat üzrə FIDE reytinqində 2217 bala sahibdir və blits üzrə Avropa çempionatında 244-cü başlanğıc yerini tutur.

Deyan Yoveliç “Los-Anceles Qelaksi”yə 2021-ci ilin avqustunda 3,50 milyon avro müqabilində “Aytraxt Frankfurt”dan keçib. Yoveliçin amerikan klubu ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.

MLS-in artıq başa çatmış 2022/2023-cü il mövsümündə Yoveliç “Los-Anceles Qelaksi”nin heyətində 37 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Deyan Yoveliç 2021-ci ilin iyununda debüt etdiyi Serbiya yığmasının heəytində 6 oyuna çıxıb, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 24 yaşlı Deyan Yoveliçi 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: