Stefan de Vrey və Denzel Dumfris sıradan çıxdılar

İtaliya A Seriyasının hazırkı lideri “İnter”in heyətində iki futbolçu – Stefan de Vrey və Denzel Dumfris eyni zamanda sıradan çıxıb.

Arena.az bu barədə “İnter”in rəsmi saytına istinadən məlumat verir.

“İnter”in səfərdə “Napoli”ni 3:0 hesabı ilə məğlub etdiyi A Seriyasının 14-cü tur oyununda zədələnmiş niderlandlı futbolçuları üçün cari ildə meydana çıxmaq imkanı yoxdur. Yeni ilə təxminlərə gəlincə, əzələ zədəsi almış hər iki futbolçunun bərpa müddəti haqda məlumat dəqiq deyil. İlkin ehtimal 3 həftəni ehtiva etsə də, futbolçuların gələn həftə əlavə tibbi müayinədən keçməsindən sonra yekun mənzərə açılacaq.

“İnter” hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir. Simone İnzaqinin yetirmələri 14 oyundan sonra 35 xalla təqibçisi “Yuventus”u 2 xal qabaqlayırlar.

“İnter” növbəti oyununu Şənbə günü, dekabrın 9-da keçirəcək. “Neradzurri” A Seriyasının 15-ci turunda evdə “Udineze” ilə qarşılaşacaq.

Mərkəz müdafiəçisi Stefan de Vrey “İnter”ə 2018-ci ilin iyulunda azad agent qismində “Lazio”dan keçib. Müdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə De Vrey “İnter”in heyətində 17 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Stefan De Vrey 2012-ci ilin avqustunda debüt etdiyi Niderland yığmasının heyətində 62 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermakrt” internet-portalı 31 yaşlı Stefan De Vreyi 8 milyon avro məbləğində qiymətləndirir.

Sağ yarımmüdafiəçi Denzel Dumfris isə “İnter”ə 2021-ci ilin avqustunda 14,25 milyon avro məbləğində “PSV Eyndhoven”dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 16 oyuna çıxıb, 2 ql vurub, 4 məhsuldar ötürmə verib.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 50 oyuna 6 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 27 yaşlı Denzel Dumfrisi 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş: