Luçano Spalletti Neapolun fəxri vətəndaşı oldu

“Napoli”nin sabiq baş məşqçisi, hazırda İtaliya yığmasını çalışdıran Luçano Spalletti Neapol şəhərinin fəxri vətəndaşı olub.

Arena.az bu barədə “Football Italia” dərgisinə istinadən məlumat verir.

Luçano Spalettinin rəhbərliyi altında neapollular son 33 ildə ilk çempionluğunu qazanaraq 2022/2023 mövsümündə A Seriyasının qalibi olublar. “Napoli” üçün bu çempionluq titulu tarixdə üçüncü olub.

Möhtəşəm zəfərdən sonra Spalletti “Napoli”dən ayrılmaq qərarına gəlib. İtalyan mütəxəssis qərarını yardıcı istirahət götürmək niyyəti ilə əlaqələndirib. Ancaq insayderlərin əldə etdiyi məlumatlar Spallettinin Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentiislə münasibətlərində soyuqluq olduğunu deyir.

Bir müddət sonra, cari ilin sentyabr ayının 1-də Spalletti böhran keçirən İtaliya yığmasının sükanı arxasına gətirilib. Təcrübəli mütəxəssis çox çətin turnir durumunda olan cari Avropa çempionları üçün, 2024-cü ildə Almaniyada keçiriləcək qitə birinciliyinə qrupdan birbaşa vəsiqəni təmin edib. Spallettinin “skuadra adzurra” ilə müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Məşqçilik karyerası ərzində Spalletti “Napoli” ilə İtaliya A Seriyasının, “Roma” ilə İtaliya Kubokunun (2 dəfə) və İtaliya Super Kubokunun, Sankt-Peterburq “Zenit”i ilə Rusiya Premyer Liqasının (2 dəfə), Rusiya Kubokunun və Rusiya Super Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis həmçinin “Empoli”yə İtaliya C Seriyasının çempionluğunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: