UEFA Ukrayna Futbol Assosiasiyasına cəza kəsdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukrayna Futbol Assosiasiyasını (UAF) azarkeşlərinin davranışı müqabilində cəzalandırıb.

Arena.az bu barədə qitə futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.

Belə ki, UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə oyunda (0:0) azarkeşlərin qanunsuz davranışına görə Ukrayna Futbol Federasiyasının cəzalandırılması barədə qərar qəbul edib.

“Azarkeşlərin irqçi davranışına görə Ukrayna Futbol Assosiasiyası (UAF) 20 min avro məbləğində cərimələnsin. UEFA-nın himayəsi altında keçiriləcək növbəti oyunda Ukrayna milli komandasının stadionunun ən azı 5 min yerlik qismən bağlanmasına göstəriş verilsin”, – rəsmi bəyanatda deyilir.

Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Ukrayna və İtaliya yığmaları arasında bu il noyabrın 20-də keçirilmiş oyunda qalib müəyyənləşməmişdi – 0:0. Leverkuzendə (Almaniya) baş tutmuş oyun zamanı ukraynalı azarkeşlər irqçi qışqırıqları ilə diqqət çəkmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: