Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 8-ci turunun daha bir qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Gəncədə keçirilib.
Burada yerli “Gəncə” çempionatın aşkar autsayderi “Şəki”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 78:66 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “Gəncə” 6-cı pillədə qərarlaşıb. 8 xala malik qonaqlar sonuncu sıradadır.
Tura sabah keçiriləcək “NTD-İndiqo” – “Cəlilabad” görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Xəzri” “Sərhədçi”ni (117:100), “Xırdalan” “Neftçi”ni (102:80), “Sabah” isə “Sumqayıt”ı (105:79) məğlub edib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
- Xəzri (8 oyun, 7 qələbə, 1 məğlubiyyət) – 15 xal
- NTD-İndiqo (7 oyun, 6 qələbə, 1 məğlubiyyət) – 13 xal
- Neftçi (8 oyun, 5 qələbə, 3 məğlubiyyət) – 13 xal
- Xırdalan (8 oyun, 4 qələbə, 4 məğlubiyyət) – 12 xal
- Gəncə (8 oyun, 3 qələbə, 5 məğlubiyyət) – 11 xal
- Cəlilabad (7 oyun, 3 qələbə, 4 məğlubiyyət) – 10 xal
- Sərhədçi (8 oyun, 2 qələbə, 6 məğlubiyyət) – 10 xal
- Sumqayıt (8 oyun, 2 qələbə, 6 məğlubiyyət ) – 10 xal
- Şəki (8 oyun, 8 məğlubiyyət) – 8 xal


