“Sevilya”nı Kike Sançes Flores çalışdıracaq

İspan mütəxəssis Kike Sançes Flores ağır böhran keçirən və bu mövsüm bütün hədəflərindən yayınmış “Seviya”nın baş məşqçisi təyin olunub.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Əndəlus klubu ispan mütəxəssislə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Kike Floresin vəzifəsinin icrasına yaxın vaxtlarda başlayacağı bildirilir.

Kike Sançes Flores karyerası ərzində “Xetafe”, “Valensiya”, “Atletiko” (Madrid), “Benfika”, “Uotford” və “Espanyol” komandalarını çalışdırıb. 58 yaşlı mütəxəssis cari ilin aprel ayından işsiz idi.

İspan məşqçinin qarşısına “Sevilya”nı ilk növbədə Sequndaya yuvarlanmaqdan xilas etmək tapşırığı qoyulub. Klubun sonrakı məqsədi açıq-aydın ortadadır: XXI əsrin ilk beşdə birinin ən uğurlu klublarından biri olan “Sevilya” yenidən iddiaçılar sırasına qayıtmağı hədəfləyir.

Xatırladaq ki, oktyabrın 8-də “Sevilya”, rəhbərliyi altında komandası 2022/2023 mövsümündə Avropa Liqasının qalibi olmuş Xose Luis Mendilibarın gedişini açıqlamışdı. Şənbə günü, dekabrın 16-da daha bir müvəqqəti məşqçi, uruqvaylı Dieqo Alonso da istefaya göndərilib.

Hazırda “Sevilya” La Liqada 17 turdan sonra 13 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Bu mövsüm cəmi iki qələbə qazanmış kollektiv 7 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. “Sevilya”nı bu gecə La Liqanın cari mövsümünün sürpriz komandalarından olan “Jirona” ilə çətin səfər matçı gözləyir. Qarşılaşmaya Bakı vaxtı ilə 00:00-da start veriləcək.

“Sevilya” bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində də 4-cü yeri tutaraq, cari mövsümdə avrokuboklarda iştirakını başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: