Cari İtaliya çempionu “Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen Neapol təmsilçisi ilə müqaviləsini yeniləyib.
Arena.az bu barədə “Napoli”nin mətbuat xidmətinə istinadən məlumat verir.
Osimhenin yenilənmiş müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Əməkdaşlığın Osimhenlə bağlı tərəfi – maaş haqda hələlik açıqlama verilməyib.
Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro qarşılığında “Lill”dən keçib.
Cari mövsümdə nigeriyalı hücumçu “Napoli”nin heyətində bütün yarışlarda 17 oyuna çıxb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib. Osimhenin Neapol komandasının heyətində ümumi statistikası belədir: 118 oyun, 67 qol, 17 məhsuldar ötürmə.
Osimhen “Napoli” ilə geridə qalmış 2022/2023 mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla turnirin ən sərrast futbolçusu və mövsümün oyunçusu olub.
Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 28 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. Osimhem Nigeriyanın U-17 yığası ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.



