Ranyeri: “Təəssüf ki, İtaliyada irqçi ifadələr vərdiş halını alıb”

“Kalyari”nin baş məşqçisi, italiyan mütəxəssis Klaudio Ranyeri son vaxtlar Avropa futbolunda tez-tez təzahür edən irqçiliyə dair danışıb.

Arena.az DAZN dərgisinə istinadən məlumat verir ki, təcrübəli mütəxəssis İtaliya A Seriyasının 17-ci turunun “Verona” ilə son səfər oyununda (2:0) rəqib azarkeşlərin “adalılar”ın afrikalı yarımmüdafiəçisi Entoni Makumbuya qarşı irqçi şüarlara yol verməsindən narazılığını bildirib:

“Təəssüf ki, Makumbuya qarşı italyan vərdişinə çevrilmiş belə mahnıları eşitmək çox təəssüf doğurdu. Bunun qarşısını almağa cavabdeh olanlar bununla bağlı nəsə etməlidirlər. İnsanların hələ də dərilərinin rənginə görə bir-birlərini təhqir etmələri mümkün deyil”, deyə Ranyeri təəssüflə bildirib.

Xatırladaq ki, İtaliya A Seriyasının 17 turundan sonra Ranyerinin “Kalyari”si 13 xalla 18-ci sırada yer alıb. “Verona” isə 14 xalla 16-cı pillədə qərarlaşıb. A Seriyasına 44 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: