Basketbol: İlin son oyununda “NTD-İndiqo”dan darmadağın

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 9-cu turunun sonuncu qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun və 2023-cü ilin sonuncu matçı Şəki Olimpiya İdman Kompleksində keçirilib. “Şəki” yerli publika önündə çempionatın liderlərindən sayılan “NTD-İndiqo” ilə üz-üzə gəlib. Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Xaçmaz təmsilçisi yekunda 120:54 hesablı qələbəyə sevinib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Brendon Yanqer olub – 28 xal, 4 asist. “Şəki”nin heyətində isə Pol Dibal özündən söz etdirib – 21 xal, 9 ribaund.

Bu qələbə ilə “NTD-İndiqo” 17 xalla qış fasiləsinə şərikli lider kimi yollanıb.

9-cu turun əvvəlki oyunlarında “Neftçi” “Sərhədçi”yə 88:86, “Sabah” “Xəzri”yə 84:80, “Sumqayıt” “Gəncə”yə 95:88, “Cəlilabad” isə “Xırdalan”a 98:90 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
  2. NTD-İndiqo (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
  3. Xəzri (9 oyun, 7 qələbə, 2 məğlubiyyət) – 16 xal
  4. Neftçi (9 oyun, 6 qələbə, 3 məğlubiyyət) – 15 xal
  5. Cəlilabad (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
  6. Xırdalan (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
  7. Sumqayıt (9 oyun, 3 qələbə, 6 məğlubiyyət ) – 12 xal
  8. Gəncə (9 oyun, 3 qələbə, 6 məğlubiyyət) – 12 xal
  9. Sərhədçi (9 oyun, 2 qələbə, 7 məğlubiyyət) – 11 xal
  10. Şəki (9 oyun, 9 məğlubiyyət) – 9 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: