Futbol üzrə Azərbaycan milli komandasının və “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sağ dizdə zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuş futbolçunun əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub. Əməliyyat uğurlu keçib.
Vüqar Mustafayevin iki ay içərisində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.
“Bakı”nın yetirməsi olan Vüqar Mustafayev karyerası ərzində “Simurq”, “Qarabağ” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 11 oyun keçirib.
Vüqar 2019-cu ildən “Sumqayıt”ın uğurları üçün çalışır. Mustafayev bu komandada 125 oyun keçirsə də, qol hesabını aça bilməyib. Əvəzində o, 6 məhsuldar ötürmə müəllifi olub. 29 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.


