“Nyukasl”ın baş məşqçisi Eddi Hau komandasının son oyunlardakı uğursuzluqlarına azarkeşlərin münasibətindən danışıb.
Arena.az xatırladır ki, “sağsağanlar” son 7 oyunda yalnız 1 qələbə qazana biliblər.
“Çətin bir dövrdən keçirik. Zədələr bizə lazım olan nəticəni əldə etməyə mane olur. Ona görə də azarkeşlərin ixtiyari narazılıq ifadəsinə hörmətlə yanaşıram və başa düşürəm. Stadiondakı ab-hava istənilən halda yaxşı idi”, – Eddi Hau bildirib.
Xatırladaq ki, dekabrın 26-da “sağsağanlar” Premyer Liqanın 19-cu turu çərçivəsində evdə “Nottingem Fotest”ə 1:3 hesabı ilə məğlub olublar. Oyundan sonra yerli azarkeşlər komandanı fitə basıblar.
Hazırda “Nyukasl” Premyer Liqanın turnir cədvəlində 19 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb. Son turlarda “Nyukasl” nəinki çempionatda geriləyir, hətta Çempionlar Liqasnın qrup mərhələsində sonuncu olmaqla, avrokuboklarda iştirakını başa vurub.


