Fatih Terim: “Bu təklifi heç düşünmədən qəbul etdim”

“Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim bu gün Yunanıstanın “Panatinaikos” klubu ilə müqavilə bağlamaq üçün Afinaya yollanıb.

Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis Yunanıstanda yerli jurnalistlərə açıqlaması zamanı maraqlı fikirlər səsləndirib.

O, “Panatinaikos”dan aldığı təkliflə bağlı bunları söyləyib: “Təklif gələn kimi düşünməyə ehtiyac duymadım, qəbul etdim. “Panatinaikos” komandası olaraq çempionluq istəyirik. Komanda uzun illərdir çempion ola bilmir. Hansı kluba getsəm, qazanmaq üçün gedirəm, imzamı təkcə kağıza yox, ürəyimə də atıram. Bu davranışımı bu liqada da davam etdirəcəyəm. 4 komanda arasında rəqabət var. Rəqiblərimiz həm güclü, həm də keyfiyyətlidir. Onlara hörmətlə yanaşıram. Amma çempion olmaq, Avropada uğur qazanmaq istəyirik. Buna görə də hədəfimiz açıqdır. Klub prezidenti ilə bu barədə görüşdük, söhbət etdik. Hədəflərimiz məlumdur”.

Təcrübəli mütəxəssis “Yunanıstan Liqasını izləyirsinizmi?” sualına belə cavab verib: “Yunanıstan komandalarını izləyirəm. “Panatinaikos”, “Olimpiakos” və AEK başqa olmaqla bütün klubları tanıyıram. Ən qısa zamanda komanda ilə tanış olub, əksiklərimizi bilmək və onlar üzərində işləmək istəyirəm”.

Xatırladaq ki, Terim “Panatinaikos”da ötən gün istefaya göndərilmiş İvan Yovanoviçi əvəz edib. Ötən il Yunanıstan Super Liqasında mövsümün əsas hissəsini lider kimi başa vuran “Panatinaikos” pley-offda çempionluğu AEK-ə uduzmuşdu. Bu mövsüm Afina təmsilçisi 15 turu geridə qalan liqada 34 xal toplayaraq lider PAOK-dan sonra 2-ci pillədə qərarlaşıb.

Fatih Terim son olaraq 2017-ci ilin dekabrından 2022-ci ilin yanvarına kimi “Qalatasaray”a rəhbərlik edib. Ötən ilin əvvəlindən işsiz olan Terim daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralıqlarında da İstanbul təmsilçisində baş məşqçi kimi çalışıb. O, “sarı-qırmızılar”ı bütövlükdə 8 dəfə Türkiyə çempionu edib, 3 dəfə ölkə kubokunu qazandırıb. Bu komanda yeganə UEFA Kubokunu da məhz Terimin rəhbərliyi altında qazanıb. Terimin dönəmində klub 3 dəfə Super Kubokda da uğura sevinib.

Təcrübəli mütəxəssis daha öncə İtaliyanın “Fiorentina” və “Milan” klublarında da baş məşqçi olub. O, məşqçilik karyerası ərzində “Ankaragücü”, “Göztəpə” klublarına, Türkiyə yığmasında (2 dəfə) və Türkiyənin U-21 yığmasında da çalışıb.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: