Bernardo Silva Kristiano Ronaldonun rekordunu təkrarladı

“Mançester Siti”nin portuqal hücumameylli yarımmüdafiəçisi Bernardo Silva məşhur hücumçu Kristiano Ronaldonun rekordunu təkrarlayıb.

Arena.az məlumat verir ki, Bernardo Silva İngiltərə Premyer Liqasında portuqal futbolçular arasında məhsuldar ötürmələrin sayına görə məşhur həmyerlisi Kristiano Ronaldo ilə bərabərləşib.

Silva Premyer Liqanın 19-cu turu çərçivəsində “Everton”la səfər oyununda bu yarışda iştirakı ərzində 37-ci məhsuldar ötürməsini verib, “şəhərlilər” 3:1 hesablı qələbə qazanıblar. İndi Bernardo Silva bu göstəricidə Kristiano Ronaldo ilə 2-ci yeri bölüşür. Portuqal futbolçular arasında Premyer Liqada ən çox məhsuldar ötürməyə hazırda “Adana Demirspor”da çıxış edən Nani imza atıb – 43 məhsuldar ötürmə.

Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Bernardo Silvanı heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 23 oyuna 6 qol və 4 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 329 oyun, 61 qol, 63 məhsuldar ötürmə.

Portuqal yarımmüdafiəçi “Siti” ilə 5 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Super Kubokunun, Çempionlar Liqasının, FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Silvanın muzeyində “Benfika” ilə Portuqaliya çempionluğu, Portuqaliya Kuboku, Portuqaliya Liqa Kuboku və “Monako” ilə Fransa çempionluğu var. Silva 2019-cu ildə Portuqaliyada ilin futbolçusu seçilib.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 87 oyuna çıxıb, 11 qol vurub və 28 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: