İtaliya Futbol Federasiyası (FIGC) ciddi cəhdlə yeni təsis edilmiş Avropa Super Liqasına qarşı əməli fəaliyyətə keçib.
Arena.az bu barədə “Calcio e Finanza” dərgisinə istinadən məlumat verir.
Belə ki, İtaliya Futbol Federasiyası A Seriyası klublarına Super Liqa layihəsində iştirakdan imtina etməyəcəyi halda, milli çempionatda iştirak etməyə imkan verməyəcək yeni lisenziya sistemi təsis edib.
Mənbənin məlumatına görə, ötən həftə İtaliya Futbol Federasiyası 2024-2025-ci illər üçün yeni milli lisenziyalaşdırma sistemini yekdilliklə təsdiqləyib. Sənəddə klubların növbəti A Seriya yarışlarında iştirak üçün müraciət etməli olduqları tarix, həmçinin FIFA, UEFA və FIGC tərəfindən təşkil edilmiş yarışlardan başqa yarışlarda iştirak etməmək öhdəliyi dəqiqləşdirilir. Əks halda klubların A Seriyasında iştirakına icazə verilməyəcək.
Xatırladaq ki, Super Liqa haqda müsbət danışan yeganə klub İtaliyanın “Napoli” klubu olub. Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız bu fikrin müəllifi “Real” və ideyanın qüvvətli dəstəkçisi “Barselona” yer alıb. Avropa Məhkəməsinin Super Liqaya yaşıl işıq yandırması haqda müvafiq qərarından sonra ilk iki gündə ilk Avropanın böyük futbol beşliyi ölkələrinin liqalarında 21 klub bu layihəyə qoşulmaqdan açıq surətdə imtina edib. Bu klubların siyahısına 2021-ci ildə Super Liqanın təsis etmək üçün bir araya gəlmiş 12 klubdan 10-u da daxildir.


