Fransa nəhəngi PSJ Braziliya nəhənglərindən olan “San-Paulu”nun braziliyalı mərkəz müdafiəçisi Lukas Beraldo ilə güclənib.
Arena.az bu barədə Liqa 1 nəhənginin rəsmi saytına istinadən məlumat verir.
PSJ Beraldo ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Transfer parislilərə 20 milyon avro müqabilində başa gəlib.
Beraldo “San-Paulu”nun yetirməsidir və 2022-ci ilin iyulundan əsas komandada çıxış edib.
Geridə qalmış 2022/2023 mövsümündə Beraldo “San-Paulu”nun heyətində 48 oyuna 1 qol vurub. Müdafiəçinin Braziliya klubunun heyətində çıxışının ümumi mənzərəsi belədir: 52 oyun, 1 qol.
Beraldo “San-Paulu” ilə 2023 Braziliya Kubokunun qalibi olub.
Lukas Beraldo Braziliyanın U-20 millisinin üzvüdür. O, bu komandanın heyətində 3 oyuna 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


