“Barselona”nın sol cinah müdafiəçisi Markos Alonso dekabrın əvvəlində zədələndiyi bel nahiyəsindən uğurla cərrahi əməliyyat edilib.
Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir:
“Birinci komandanın oyunçusu Markos Alonso belin fəsadlarını müalicə etmək üçün uğurla əməliyyat edilib. Əməliyyatı Bordo-Merinyak idman klinikasında klubun tibbi xidmətlərinin nəzarəti altında doktor Ameli Leqliz həyata keçirib. Futbolçu sıradan çıxıb və oynamağa hazır olması onun sağalmasından asılı olacaq” – Kataloniya klubunun müvafiq xüsusda rəsmi bəyanatında deyilir.
Daha əvvəl mətbuatda, Markos Alonsoya gərəkli olan cərrahi əməliyyatın əvvəllər “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üzərində aparılmış əməliyyata bənzədiyi barədə məlumatlar yayılıb. Vurğulanırdı ki, Alonsonun zədədən sonra bərpası 2024-cü ilin martına qədər davam edə bilər.
Alonso “Real”ın futbol akademiyasının yetirməsidir. Amma əsas komandada cəmi 1 oyun keçirib və elə, İspaniya nəhənginin ehtiyat komandası “Kastilya”dan “Bolton”a transfer edilib. Sonrakı illərdə Alonso “Fiorentina” və “Sanderlend” arasında icarə və satış üzrə var-gəl edib, 2016-cı ilin avqustunda “Çelsi”yə, 2022-ci ilin sentyabrında isə “zadəganlar”ın düşərgəsindən “Barselona”ya keçib.
Alonsonun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Alonso kataloniyalıların heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 7 oyuna çıxıb. Alonsonun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 44 oyun, 3 qol.
Alonoso “Barselona” ilə 2022/2023 mövsümündə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olub. Həmçinin Alonso “Çelsi” ilə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Markos Alonso 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı “Barselona”nın 33 yaşlı veteran ispan sol cinah müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


