Buffon: “Mərc qoyuluşları cinayət deyil”

İtaliya yığmasının və “Yuventus”un əfsanəsi, sabiq qapıçı Canluici Buffon mərc qoyuluşlarına maraqlı münasibəti ilə gündəmə gəlib.

Arena.az Buffonun Yeni ilin ilk günlərində səsləndirdiyi bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mərc qoyuluşları cinayət deyil: stadionlar və verilişlər bu cür reklamlarla doludur və hökumət qumar oyunlarını təşviq edir. Futbolçu futbola mərc edirsə, ədalətli şəkildə cəzalandırılmalıdır. Bir dəfəyə 1 milyon avro xərcləmiş hər kəs axmaqdır, amma qumar aludəçisi deyil”, deyə Buffon bildirib.

Xatırladaq ki, geridə qalmış 2023-cü ildə yerli hüquq-mühafizə orqanlarının qanunsuz mərc qoyuluşları amillərini ortaya çıxarması ilə bütün İtaliya futbolu lərzəyə gəlmişdi. Futbolla birbaşa əlaqəli bir çox adlı-sanlı şəxslər, o cümlədən bəzi futbolçuların qanunsuz mərc qoyuluşları etdiyi, həmçinin bu qoyuluşları qeyri-qanuni mərc platformalarında həyata keçirdiyi məlum olmuşdu.

Bu əməllərdə təqsiri sübuta yetirilmiş italyan futbolçulardan “Yuventus”un mərkəz yarımmüdafiəçisi Nikolo Facoli 7 ay cəza alıb. “Nyukasl”ın dayaq yarımmüdafiəçisi Sandro Tonali isə 10 ay müddətinə futboldan kənarlaşdırılıb. Eyni zamanda, Facolinin agenti etiraf edib ki, Nikolo qumar asılılığından əziyyət çəkir.

Vurğulayaq ki, qanunsuz mərc qoyuluşları ilə bağlı iş hələ bağlanmayıb. İstintaq müəyyən edib ki, kələfin bir ucu bəzi məqamlarda dalana dirənsə də, bəzi izlər daha yüksək dairələrə aparıb çıxarır. Müstəqil təhlilçilər belə hesab edirlər ki, İtaliya futbolunun mövqeyini itirməsində belə hadisələrin təsiri böyükdür və bu mərəzin kökünü birdəfəlik kəsmək lazımdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: