Joao Kanselo bir müddət “Barselona”ya kömək edə bilməyəcək

Futbol üzrə Portuqaliya yığmasının və İspaniya çempionu “Barselona”nın sağ cinah müdafiəçisi Joao Kanselo zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, portuqal futbolçu La Liqanın 19-cu turunun “Las Palmas”la səfər oyununda (2:1) sıradan çıxıb. Dizindən zədə almış 29 yaşlı futbolçu oyunun 11-ci dəqiqəsində əvəzlənmişdi. Müayinə nəticəsində zədəsinin ciddi olduğu üzə çıxan müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Xatırladaq ki, Joao Kanselo 2023-cü ilin sentyabr ayından “Barselona”da oynayır. O, bu mövsüm 22 matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

“Barselona” Kanselonu İngiltərə çempionu “Mançester Siti”dən bu mövsümün sonunadək icarəyə götürüb. Daha öncə Kataloniya təmsilçisinin bu əməkdaşlığı tamhüquqlu əsasda davam etdirmək niyyətində olduğu açıqlanmışdı. İspaniya klubu portuqal müdafiəçinin tamhüquqlu transferi müqabilində “Mançester Siti”yə təxminən 25 milyon avro ödəməyə hazırdır.

Vurğulanır ki, İspaniya çempionu mövsümün sonunu gözləmədən “Mançester Siti” ilə tez bir zamanda razılığa gəlmək niyyətindədir. Hazırda danışıqlarda əsas fəsad klublar arasında futbolçunun qiymətinin dəyərləndirilməsindəki kəskin uyğunsuzluqdur. “Şəhərlilər” müdafiəçinin satışından ən azı 50 milyon avro qazanmaq niyyətindədirlər ki, bu məbləğ “Barsa”nın təklifini ikiqat üstələyir və çox güman ki, Kataloniya klubunun maddi imkanları xaricindədir.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 50 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib. Müdafiəçi “Barselona” və “Mançester Siti”dən öncə “Valensiya”, “Benfika”, “Yuventus”, “İnter” və “Bayern” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Joao Kanselonu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: