“Jirona”nın prezidenti: “Miçelə “Bayern”dən təklif gəlsə…”

“Jirona”nın prezidenti Pere Qvardiola komandanın baş məşqçisi Miçel Anxelin yüksək səviyyəli iş təklifi aldıqda nə baş verəcəyini bildirib.

Arena.az “Relevo”ya istinadən Pere Qvardiolanın bu barədə fikirlərini təqdim edir:

“Miçel istədiyi vaxt gedə bilərmi? Əlbəttə. O, öz gələcəyini özü idarə edir. O, bu haqqı qazanıb. Əgər onun üçün bir komanda gəlib onu razı salsa, o zaman biz onunla minnətdarlıqla vidalaşacağıq. Sizi inandırım, əgər ona “Bayern”dən təklif gəlsə, onu maşınımla Münhenə özüm aparacağam.

Bizim üçün etdiyinə görə ona çox minnətdarıq. O, başqa yerlərdə karyera qura bilərdi, amma bunu bizimlə etməyi seçdi.

Onun bizimlə nə qədər qalacağını bilmirəm, amma biz mümkün olan hər şeyi etməyə çalışacağıq ki, o, bizimlə səmərəli işləməyə davam edə bilsin”, deyə “Jirona”nın prezidenti bildirib.

Xatırladaq ki, “Jirona” La Liqanın ilk dövrəsindən, 19 turdan sonra çempionatın turnir cədvəlində “Real”la şərikli liderdir. Komandalar 48 xal toplayıblar və “Kral klubu” Kataloniya təmsilçisini daha yaxşı top fərqinə görə üstələyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: