“İnter”in futbolçusu Davide Frattezi A Seriyasının 19-cu turunda “Verona”ya qələbə qolunu (2:1) vurduqdan sonra gülməli vəziyyətə düşüb.
Arena.az məlumat verir ki, Frattezi oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqəsində (90+3) qələbə qolunu vuraraq cuşə gəlib.
O, uğurunu qeyd etmək üçün azarkeşlərə doğru qaçıb, hasara dırmaşıb, amma şortunun əynindən düşməsini hiss etməyib.
Ayıb yeri çöldə qalmış, üçkünc qara tumanı göz oxşayan Frattezinin güngörməzini komanda yoldaşı Hakan Çalhanoğlu tələm-tələsik, özü də simasında ciddi ifadə ilə örtməyə yetişib.
Vurğulayaq ki, Frattezi oyunun 83-cü dəqiqəsində Henrix Mxitaryanı əvəzləyib. O, oyuna sonradan daxil olmaqla matçın qəhrəmanına çevrilməyi bacarıb.
Bu qələbə sayəsində “İnter” A Seriyasının 19 turundan sonra turnir cədvəlində 48 xalla liderliyini qoruyub. 18 turdan 43 toplamış “Yuventus” “neradzurri”ni daban-daban təqib edir.
Davide Frattezi “İnter”ə cari ilin iyulunda “Sassuolo”dan icarə əsasında keçib. Davidenin “neradzurri” ilə müqaviləsi cari mövsümün sonunda başa çataq.
Bu mövsüm Frattezi “İnter”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Frattezi 2022-ci ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 11 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı italyan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.



